Bugun...
Ümummilli liderin ideyalarına əsaslanaraq qorunan, inkişaf etdirilən tarixi məkan – Naxçıvan
Tarih: 16-10-2020 18:40:00 + -


Ümummilli liderin ideyalarına əsaslanaraq qorunan, inkişaf etdirilən tarixi məkan – Naxçıvan Azərbaycanın dilbər guşəsi, çoxəsrlik tarixə, dövlətçilik ənənələrinə malik qədim diyarı Naxçıvan xüsusi əlverişli coğrafi mühitdə, m

facebook-paylas
Tarih: 16-10-2020 18:40
Ümummilli liderin ideyalarına əsaslanaraq qorunan, inkişaf etdirilən tarixi məkan – Naxçıvan

Ümummilli liderin ideyalarına əsaslanaraq qorunan, inkişaf etdirilən tarixi məkan – Naxçıvan

Azərbaycanın dilbər guşəsi, çoxəsrlik tarixə, dövlətçilik ənənələrinə malik qədim diyarı Naxçıvan xüsusi əlverişli coğrafi mühitdə, mühüm geostrateji mövqedə yerləşdiyinə, təbii sərvətlərlə zəngin olduğuna görə tarixən beynəlxalq mənafelərin kəsişdiyi, siyasi maraqların toqquşduğu bir ərazi olub. Ötən əsrin sonlarında mürəkkəb ictimai-siyasi şəraitin yarandığı bir dövrdə – 1990-cı ilin iyul ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi blokada nəticəsində iqtisadi və siyasi böhran məngənəsinə düşən, erməni yaraqlılarının hücumları ilə təkbətək qalan muxtar respublikanı məhv olmaq təhlükəsindən xilas etdi. Müstəmləkəçiliyə qarşı kütləvi şəkildə mübarizəyə qalxan naxçıvanlılar məhz yeganə xilasedici liderin – ulu öndərin ətrafında bir yumruq kimi sıx birləşməklə erməni işğalçılarını yerində oturda bildilər. Naxçıvan şəhəri ölkənin siyasi mərkəzinə – gələcək müstəqilliyin bərqərar olmasında əhəmiyyətli siyasi-tarixi rol oynayacaq bir məkana çevrildi. Bəhs olunan dövrdə müstəqilliyin bərpası istiqamətində muxtar respublikamızda görülən tədbirlər təkcə siyasi müstəvidə getmirdi. Yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğunlaşdırılan iqtisadi model də formalaşdırılır, aqrar islahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul edilirdi. Nəticədə, Naxçıvan, nəinki blokada kimi ağır sınaqdan mətinliklə çıxdı, özünə­məxsus blokadada inkişaf modelini yaratmaqla tarixə öz möhtəşəm imzasını qoydu. 

Enerji böhranı ilə mübarizədən enerji ixracatçılığına doğru

Cəmiyyətin normal fəaliyyətinin və davamlı inkişafının təmin olunmasında, heç şübhəsiz ki, dayanıqlı və keyfiyyətli enerji təchizatı mühüm rol oynayır. Mənfur düşmən fəal strateji mövqedə yerləşən Naxçıvan Muxtar Respublikasını blokadaya almaqla zaman-zaman onu enerji böhranı kimi qlobal problemlə də üz-üzə qoymuşdur. Son onilliklər ərzində enerji təhlükəsizliyi təminatı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmiş, yeni güclər yaradılmış, infrastruktur yenilənmişdir. Enerji təhlükəsizliyi ilə bağlı görülən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada yaradılmış elektrik stansiyaları elektrik enerjisinə olan daxili tələbatı tam ödəməklə yanaşı, elektrik enerjisinin ixracına da imkanlar yaratmışdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, əvvəlki illərdə muxtar respublikada 1 elektrik enerjisi istehsal edən stansiya fəaliyyət göstərirdisə, 2019-cu ilin sonuna bu göstərici 9-a çatdırılmışdır. Ümumi stansiyaların 7-də alternativ və bərpa olunan enerji istehsal edilir ki, bu da iqtisadi cəhətdən daha rentabelli olmaqla yanaşı, ətraf mühitin çirklənməsinin qarşısının alınmasında da mühüm rol oynayır. Muxtar respublikada müasir elektroenergetika infrastrukturunun qurulmasında maddi-texniki təchizat mühüm əhəmiyyət kəsb edir.
Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin davamı kimi, sentyabrın 3-də – ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildiyi gün Dövlət Energetika Xidmətinə yeni texnika və avadanlıqlar təqdim olundu. Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu vasitələrin muxtar respublikaya gətirilməsində əməyi olanlara, o cümlədən Çin Xalq Respublikası Hökumətinə və Çinin ölkəmizdəki səfirliyinə təşəkkürünü bildirib. Ali Məclisin Sədri yeni texnika və avadanlıqlara baxıb, “ISUZU” markalı enerji mənbəli qəza avtomobillərinin Naxçıvan Muxtar Respublikası Səfərbərlik Ehtiyatı Anbarına verilməsi, eləcə də digər texnika və avadanlıqların istismarı ilə bağlı təkliflərin hazırlanmasını tapşırıb.
Qeyd edək ki, yeni texnika və avadanlıqlar Azərbaycan Respublikası və Çin Xalq Respublikası hökumətləri arasında imzalanmış Texniki-İqtisadi Əməkdaşlıq haqqında Sazişə əsasən muxtar respublikaya gətirilib. Bundan əvvəl də aidiyyəti qurumlara yeni texnika və avadanlıqlar təqdim edilmişdi ki, onlar elektroenergetika sahəsində, eləcə də muxtar respublikanın səfərbərlik ehtiyatlarında və şəxsi evlərdə istifadə olunacaq.

Strateji müttəfiqliyimiz, milli birliyimiz və hərbi qüdrətimiz yeni zəfərlərə aparır

2020-ci il sentyabrın 27-də Ermənistan işğalçı siyasətinin davamı olaraq Azərbaycana qarşı yeni hərbi təxribat törətdi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə bütün cəbhə xətti boyu əks-hücum əməliyyatı həyata keçirməyə başlayan Azərbaycan Ordusu öz ölkəsi ərazisində müharibə aparmaqla tarixi torpaqlarımızı – şəhər və kəndlərimizi, bir sıra mühüm strateji yüksəklikləri azad etməkdədir. İftixarla deməliyik ki, şanlı zəfər və şərəf tarixinin yazıldığı Vətən müharibəsində muxtar respublikamızda yetişən layiqli hərbi kadr potensialı da əzmkarlıq və fəallıqla iştirak edir. Azərbaycanın bu haqq savaşında ilk və ən qətiyyətli müdafiəçisi isə qardaş Türkiyə oldu. Azərbaycanla eyni soykökə və tarixə, eyni milli-dini dəyərlərə mənsub olan Türkiyə dünya miqyasında böyük potensiala malik olan güclü bir dövlət kimi bu məsələdə fəal ədalətli mövqe nümayiş etdirməklə mühüm strateji tərəfdaşımız olduğunu, “Bir millət, iki dövlət” ideyasına sadiqliyini, bu ideyanı müasir mərhələdə, yeni müstəvidə inkişaf etdirdiyini bir daha dünyaya bəyan etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına verdiyi müsahibəsində demişdir: “Türkiyə bizim üçün təkcə müttəfiq və ən yaxın ölkə deyil. Türkiyə bizim üçün qardaş ölkədir, necə ki, Azərbaycan Türkiyə üçün. Türkiyə bayrağı bizim üçün əziz bayraqdır, Azərbaycan bayrağı qədər əzizdir. Ancaq, təbii ki, bu münaqişə, bu döyüşlər zamanı Türkiyənin dəqiq mövqeyi, cənab Prezident, mənim qardaşım Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, Azərbaycana göstərilən dəstək, Türkiyədən gələn məktublarda insanların “Azərbaycan tək deyil” sözləri, əlbəttə ki, Türkiyəyə olan məhəbbəti daha da artırdı. Siz də bunun şahidisiniz ki, bütün bölgələrdə Türkiyə və Azərbaycan bayraqları bir yerdə dalğalanır... Yəni bu, əsl qardaşlıq, həmrəylik rəmzidir. Azərbaycanı Türkiyə qədər dəstəkləyən ikinci ölkə yoxdur. Dünyada Türkiyəni də Azərbaycan qədər dəstəkləyən ikinci ölkə yoxdur. Bu, bizim böyük sərvətimizdir”.
Müstəqil Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası isə iki ölkə arasındakı əlaqələrin müasir müstəvidə inkişafında mühüm rol oynayır, sarsılmaz hərbi əməkdaşlıq isə bu əlaqələr arasında ön sırada durur. Ötən ay Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngayın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlməsi də uğurlu hərbi əməkdaşlığın inkişafının növbəti təzahürüdür.
Sentyabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov nümayəndə heyəti ilə görüşüb, heyəti Azərbaycanın Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirərək deyib: “Ölkələrimiz arasındakı əlaqələrin inkişafında ordu quruculuğu xüsusi yer tutur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının mühüm tərkib hissəsi kimi dəyərləndirdiyi ikitərəfli hərbi əməkdaşlığımız bu gün ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq davam və inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikasında da ordu quruculuğu tədbirlərinə, xüsusilə bu sahədə qardaş Türkiyə ilə əməkdaşlığa mühüm əhəmiyyət verilir. 1997-ci ildən bu günə qədər Naxçıvan Muxtar Respublikasında 600-dən artıq Türkiyə hərbçisi xidmət keçib, Heydər Əliyev adına Hərbi Liseyi bitirən 120-yə yaxın kursant isə Türkiyənin ali hərbi məktəblərində təhsillərini davam etdirib. Həmçinin ötən il Əlahiddə Ümumqoşun Ordunun 72 hərbi qulluqçusu Türkiyədə müxtəlif kurslarda olmuşdur. Son illər keçirilən birgə hərbi təlimlər də uğurlu əməkdaşlığın nəticəsi kimi məmnunluq doğurur”.
Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib, göstərilən dəstəyə görə Türkiyə dövlətinə və Silahlı Qüvvələrinə minnətdarlıq edib, sonra fikir mübadiləsi aparılıb.
Azərbaycanın işğalçı Ermənistanın növbəti təxribatlar üçün başladığı Vətən müharibəsi bir daha sübut etdi ki, ordumuzun yüksək döyüş qabiliyyətinin formalaşmasında genişmiqyaslı hərbi təlimlər müstəsna rol oynayır. Azərbaycan Silahlı Qüvvələri və onun tərkib hissəsi olan Əlahiddə Ümumqoşun Ordu öz qüdrətini artıq dünyaya nümayiş etdirib. Bu isə həm də onunla əlaqədardır ki, müntəzəm və xüsusilə də qüdrətli türk ordusu ilə birgə keçirilən hərbi təlimlər hərbçilərimizin bacarıq və səriştəsini qiymətləndirməyə imkan verir, şəxsi heyətin döyüş vərdişlərinin möhkəmləndirilməsində, qələbəyə olan inamın formalaşmasında başlıca rol oynayır.
Bu gün Naxçıvanda müxtəlif formalı təlimlərə üstünlük verilməklə döyüş hazırlığı səviyyəsi daim yüksəldilir. Eyni zamanda təlimlərdə qoşunların döyüşə hazırolma səviyyəsinə gətirilmə qabiliyyəti, döyüşdə iştirakı, həmçinin maddi-texniki təminat məsələləri yoxlanılır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi bu baxımdan diqqəti cəlb edir. Təlimin keçirilməsində məqsəd Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birləşmə, hissə və bölmələrinin şəxsi heyəti arasında təcrübə mübadiləsinin genişləndirilməsindən, eləcə də Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası və Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələri ilə qərargahlar arasında qarşılıqlı əlaqənin təşkili və idarəetmənin təmin edilməsindən ibarətdir.
Sentyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov və Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay təlimi izləyiblər. Təlimin ssenarisinə əsasən döyüş atışlı mərhələ düşmənin mülki əhali arasında çaxnaşma yaradan və dövlət sərhədində təxribat törədən kəşfiyyat-diversiya qruplarının “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Çevik Hərəkət Taboru və Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilməsi ilə başlayıb. Düşmən təxribatlarına cavab olaraq Əlahiddə Ümumqoşun Ordunun raket və artilleriya birləşmə və hissələri tərəfindən düşmənə atəş zərbələri endirilib. Naxçıvan Qarnizonu Qoşunları Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə birgə hücuma keçərək düşmənin dayaq məntəqələrində canlı qüvvəsini, atəş vasitələri və zirehli texnikalarını məhv edib, hakim yüksəkliklərdə və əlverişli hədlərdəki mövqelərini ələ keçirib. Hücumun gedişində düşmənin aviasiyası məhv edilib, kiçikölçülü pilotsuz uçuş aparatları zərərsizləşdirilərək dərinlikdən hərəkət edən ehtiyatlarına aviazərbələr endirilib.
Təlimin gedişində mühəndis, təminat və təxliyə qrupları qətiyyətli fəaliyyət göstərərək hücum edən qoşunlarımızın maneəsiz hərəkətini təmin ediblər. Əlahiddə Əməliyyat Briqadası tərəfindən düşmənin kəşfiyyat-diversiya qrupları məhv edilib. Mülki Müdafiə Alayının pirotexniki taqımı ələ keçirilmiş mövqeləri və hərəkət marşrutlarını minalardan, partlayan və partlamayan maneələrdən təmizləyib. Təyin edilmiş rayonlara taktiki və hava desantı endirilib. Təlimdə Azərbaycan və Türkiyə birləşmə və hissələri arasında əməliyyatların birgə planlaşdırılması, bölmələrin vahid mərkəzdən idarə olunması, qarşılıqlı əlaqənin və qoşunların hərtərəfli təminatının təşkili üzrə qarşıya qoyulmuş məqsədlərə nail olunub. Şəxsi heyətin birgə fəaliyyəti zamanı xəbərdaretmə, idarəetmə, qarşılıqlı əlaqə, qarşılıqlı tanınma və hədəf göstərmə üzrə tapşırıqların eyni qaydada icrasına nail olunub, komandirlər arasında təcrübə mübadiləsi aparılıb. Sonda döyüş təyyarələri və helikopterlərin keçidi ilə Azərbaycan və Türkiyə respublikalarının Dövlət bayraqları, eləcə də kanatla desantın daşınması nümayiş etdirilib.
Təlimdən sonra silahlanmaya yeni qəbul edilən hərbi radio-kəşfiyyat vasitələrinə baxış olub. Şəxsi heyətlə görüşdə Ali Məclisin Sədri Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrini, əsgər və zabitləri salamlayıb, onları Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik edib, hərbi təlimin hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirib. Ali Məclisin Sədri deyib: “Naxçıvan Muxtar Respublikasında da ordu quruculuğu məsələləri ümumi inkişafın əsas istiqamətidir. Fəal strateji mövqedə və blokada şəraitində yerləşən muxtar respublikada müdafiə təhlükəsizliyi tam təmin olunmuşdur. Böyük təşkilatlanma, quruculuq və inkişaf yolu keçən Naxçıvan Hərbi Qarnizonu yüksək döyüş qabiliyyətinə, peşəkar və vətənpərvər şəxsi heyətə malikdir. Bu gün Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlığa əsaslanır və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Ölkələrimiz arasındakı qarşılıqlı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir. Keçirilən birgə hərbi təlim də göstərdi ki, bizim gücümüz birliyimizdədir”.
“Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” – fikirlərinə əsaslanan ikitərəfli münasibətlərimiz bu gün ölkə Prezidentləri tərəfindən uğurla davam etdirilir, strateji tərəfdaşlığımız daha da möhkəmlənir. Birgə hərbi təlimin keçirilməsi də Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının nümunəsidir”, – deyən Ali Məclisin Sədri çıxışını “Azərbaycan-Türkiyə dostluq və qardaşlığına eşq olsun!” ifadəsi ilə tamamlayıb.
Tədbirdə Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordunun Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 iyun tarixli Sərəncamı ilə təltif olunan zabitlərinə Azərbaycan Respublikası orden və medallarının döş nişanını və vəsiqələrini təqdim edib. Təlimdə fərqlənən zabit, gizir və əsgərlər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, təlimin hazırlanması və keçirilməsinə, ümumilikdə, 5 min nəfərə qədər, döyüşatışlı mərhələnin keçirilməsinə isə 2 min 600-dən artıq şəxsi heyət cəlb edilib. Bundan başqa, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemlər və minaatan, 18 təyyarə, helikopter və pilotsuz uçuş aparatı, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 320-yə yaxın avtomobil texnikası cəlb edilib. Təlimə hazırlıq dövründə birgə qərargahlar tərəfindən keçirilən məşqlərdə müxtəlif səviyyədə qərargahlar arasında qarşılıqlı əlaqənin təşkili diqqət mərkəzində saxlanılıb. Düşmən fəaliyyətlərinin təqlid edilməsi məqsədilə təlim sahəsində 28 hədəf rayonunda 800-ə yaxın hədəf və 90-dan çox maketdən istifadə edilib. Yaradılmış hədəf rayonunun 100 faizi, hədəflərdən 85 faizdən, maketlərdən isə 90 faizdən çoxu məhv edilib.

Təhsilin məqsədi güclü intellektual potensial, həm də yüksək mənəviyyatlı, vətənpərvər gənclər yetişdirməkdir

Əsası müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyası bu gün dövlət siyasətinin əsas prioritet istiqamətinə çevrilib. Ölkə rəhbərinin həyаtа kеçirdiyi məqsədyönlü və аrdıcıl tədbirlər nəticəsində Azərbaycanda еlmi intеllеktuаl tərəqqiyə nаil оlunub, müasir islаhаtlаr həyаtа kеçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində diyarımızda da müasir təhsil infrastrukturu yaradılıb. Belə ki, muxtar respublikada orta, orta ixtisas və ali təhsil, həmçinin elm müəssisələri üçün müasir tələblərə cavab verən binalar tikilib, həmin obyektlərin maddi-texniki bazaları gücləndirilib. Ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib, 2 universitet şəhərciyi salınıb. Təkcə onu qeyd etmək kifayətdir ki, 2019-2020-ci tədris ilində muxtar respublikada 10 məktəb binası tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Yaradılan yüksək təhsil mühitinin nəticəsidir ki, ümumtəhsil məktəblərini bitirərək ali və orta ixtisas məktəblərinə qəbulda yüksək nəticələr göstərən məzunların sayı hər il artmaqdadır. Ali Məclis Sədrinin onlarla görüşü isə eyni zamanda güclü intellektual və kadr potensialının yetişməsində stimul rolu oynayır.
Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilib. Ali Məclisin Sədri ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, eləcə də tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü bildirdikdən sonra deyib: “Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir. Müdriklər də deyirdi ki, hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsillə bağlıdır. Bu mənada, hərtərəfli təhsil alan gənclər ölkəmizin gələcək təminatçılarıdır. Tələbəlik illəri insan həyatının ən məsuliyyətli dövrüdür. Ona görə də təhsilinizi uğurla başa vurmaq, seçdiyiniz ixtisası dərindən öyrənmək, kamil mütəxəssis kimi yetişmək sizlərin qarşısında duran əsas vəzifələrdir. Biliklərə əsaslanan iqtisadiyyat, innovasiya yönümlü inkişaf yaşadığımız dövrün reallıqlarıdır. Buna gedən yol isə əldə olunan biliklərin istehsalatda tətbiqindən keçir. Çalışıb nəzəri biliklərinizi təcrübədə doğrultmalısınız”.
Tələbə gənclərə “Təhsilin məqsədi həm də yüksək mənəviyyatlı və vətənpərvər gənclər yetişdirməkdir”, – deyən, “O gənc əsl vətənpərvərdir ki, özünü dövləti və xalqı üçün layiqli vətəndaş kimi hazırlaya bilir. Ona görə də milli dəyərlərimizi, tariximizi dərindən öyrənməli, dövlət müstəqilliyimizin qədrini bilməli, ölkəmiz və xalqımız üçün çalışmalısınız” kimi qiymətli tövsiyələrini çatdıran muxtar respublika rəhbəri tələbə adını qazanmış hər bir gəncə bu yolda uğurlar arzulayıb.
Tədbirdə ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayan məzunlara “Naxçıvan: Şərqin əfsanəsi” kitabı və pul mükafatı təqdim olunub.

Muxtar respublikanın müasirləşən, şəhərləşən kəndləri düşmənə əsl gözdağıdır

Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sürətli sosial-iqtisadi inkişaf strategiyası muxtar respublikanı bütünlükdə əhatə edib. Bu gün qədim diyarımızın bütün bölgələri, ən ucqar dağ kəndləri belə inanılmaz dərəcədə inkişaf edib, müasir infrastrukturu ilə öz simalarını tamamilə dəyişib. Onu qeyd etmək kifayətdir ki, təkcə ötən il bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 29 milyon 283 min 900 manat vəsait yönəldilib, həmin vəsait qoyuluşlarının 965 milyon 410 min manatı və ya 93,8 faizi tikinti-quraşdırma işlərində istifadə edilib ki, bu da bir il öncəki göstəricidən 1,9 faiz çoxdur. Bəhs olunan davamlı inkişafdan yaranmasının 90 illiyi tamam olan Culfa rayonuna da pay düşüb. Bu il rayonun Camaldın kəndi abadlaşan kəndlər sırasına qoşulub. Aparılan kompleks quruculuq işləri, yaradılan müasir infrastruktur – yeni tikilən müasir məktəb, kənd mərkəzi, ambulatoriya, xidmət mərkəzi, yenidən qurulan yol böyük qayğının ifadəsidir. Bu gün digər Naxçıvan kəndləri kimi, Camaldın kəndi də yaradılan şəraitlə şəhərdən seçilmir. Yaşayış məntəqəsində bir neçə il bundan əvvəl su dəyirmanı da tikilib istifadəyə verilib. Bütün bunlar dövlətimizin insan amilinə verdiyi dəyərin ifadəsidir.
Bilik Günündə Camaldın kəndinin əhalisinə hədiyyə olunan məktəb binası da yeni quruculuq ünvanlarından biri kimi məktəb kollektivinə ən gözəl hədiyyə oldu.
Sentyabrın 15-də Camaldın kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak edən Ali Məclisin Sədri muxtar respublikanın bütün ümumtəhsil, ali, orta ixtisas və peşə məktəblərinin şagird və tələbələrini, pedaqoji kollektivləri, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını yeni tədris ilinin başlanması, Camaldın kənd tam orta məktəbinin kollektivini isə həm də yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edib.
Ali Məclisin Sədri çıxışında vurğulayıb ki, müstəqillik, sabitlik və inkişaf şəraitində yaşamaq böyük xoşbəxtlikdir. Bütün bunları qorumağın yolu isə yaxşı təhsil almaqdan, əsl vətəndaş kimi yetişməkdən keçir.
Ali Məclisin Sədri məktəbdəki elektron lövhəli sinifdə Heydər Əliyev Muzeyi ilə ümumtəhsil məktəbləri arasında keçilən interaktiv dərsi izləyib. 200-dən yuxarı təhsil müəssisəsinin qoşulduğu interaktiv dərsdə şagirdlərə ümummilli liderimiz Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilib.
Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin mühüm göstəricisidir. Muxtar respublikamızda müasir və təhlükəsiz yol şəbəkələri yaradılır, kənd yollarının yenidən qurulması diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Camaldın-Ərəzin kənd avtomobil yolu yenidən qurulub.
Sentyabrın 15-də Ali Məclisin Sədri Camaldın-Ərəzin kənd avtomobil yolunun açılışını edib. Həmin gün Camaldın kənd mərkəzinin də açılışı olub.
Muxtar respublikada müasir səhiyyə infrastrukturunun yaradılması və yüksək səviyyəli tibbi xidmətin təşkili bütün yaşayış məntəqələrini əhatə edib. Görülən işlərin davamı olaraq sentyabrın 15-də Camaldın kəndində həkim ambulatoriyasının açılışı olub. Ali Məclisin Sədri sakinlərin sağlamlığının daim diqqət mərkəzində saxlanılması, həkim briqadalarının cəlb olunması, peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi barədə tapşırıqlar verib.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Camaldın kəndində xidmət mərkəzinin də açılışını edib. Muxtar respublika rəhbəri sakinlərlə görüşündə yaşayış məntəqəsində aparılan quruculuq işləri münasibətilə onları təbrik edərək deyib: “Bu gün Camaldın kəndinin həyatında əlamətdar gündür. Ona görə ki, kəndin bütün infrastrukturu yenilənib, Camaldın müasir Azərbaycan kəndinə çevrilib. Bütün bunların hamısı ölkəmizdə Heydər Əliyev yolunun uğurla davam etdirilməsinin nəticəsidir. Bunun bəhrəsini Camaldın kəndində yaşayan əhali də görür. Kənddə maldarlıq, heyvandarlıq, əkinçilik inkişaf etdirilir. Camaldın kəndinin inkişafı bundan sonra da diqqətdə saxlanılacaq, ailə təsərrüfatlarına kreditlər veriləcəkdir. İnkişafın təmin olunmasında əhalinin üzərinə də mühüm vəzifələr düşür. Ona görə də yaradılan şəraitdən düzgün istifadə edilməli, təsərrüfatlar genişləndirilməlidir”.

İnformasiya blokadasının yarılmasının əsasında informasiya təminatının kəmiyyət və keyfiyyətini yüksəldilməsi durur

Siyasi-strateji əhəmiyyəti ilə hər zaman dünyanın diqqət mərkəzində olan Naxçıvan Azərbaycanın yenicə müstəqillik əldə etdiyi, qədim diyarımızın erməni işğalı ilə üz-üzə qaldığı keşməkeşli bir dövrdə təkcə ərazi blokadası deyil, həm də informasiya blokadası məngənəsinə salınmışdı. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən ümummilli lider Heydər Əliyev informasiya blokadasını maksimum səviyyədə yarmağa çalışmış, müxtəlif media orqanları ilə əlaqələrin yaradılmasına xüsusi əhəmiyyət vermişdir.
Ulu öndərin ölkəmizə yenidən rəhbərliyə gəlişindən sonra, xüsusilə də 1996-cı ildən etibarən Naxçıvanda başlayan ümumi inkişaf və tərəqqinin bəhrəsi olaraq 2003-cü ildə Beynəlxalq Qlobal İnformasiya və Telekommunikasiya Şəbəkəsinə qoşulmanı təmin etmək məqsədilə Naxçıvanda yeni internet provayder xidməti – nakhchivan.az abunəçilərin istifadəsinə verildi ki, 2006-cı ildən etibarən nakhinternet.az olaraq fəaliyyətinə davam edən xidmət bu gün daha geniş informasiya mübadiləsi imkanlarına malikdir. 2005-ci ilin iyun ayında Naxçıvanın Trans-Asiya-Avropa fiber-optik magistral xəttinə qoşulması ilə informasiyanın daha sürətli axınını təmin etmək imkanı əldə olundu. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 5 aprel tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzi yaradıldı. Bu kimi tədbirlər informasiya təminatının kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə öz töhfəsini verməkdədir. “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti bu sahədə özünəməxsus yer tutur. Naxçıvan Muxtar Respublikasında 4-cü nəsil mobil telekommunikasiya – LTE şəbəkəsini təmin edən ilk mobil operator Naxtel 4G 25 oktyabr 2016-cı ildə fəaliyyətə başlayıb. 4 ilə yaxın müddətdə keyfiyyətli, sərfəli və kəsintisiz mobil telekommunikasiya xidməti göstərir. Sahibkarlıq subyektlərinin uğurlarının təməlində ölkəmizdə bu sahənin inkişafına göstərilən dövlət qayğısı dayanır və bu qayğı muxtar respublikada da uğurla davam etdirilir. “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti Sahibkarlığın İnkişafına Dəstək Fondu tərəfindən ayrılmış kredit hesabına yaradılıb. Cəmiyyət yarandığı gündən işini düzgün qurmasının nəticəsində həm fəaliyyətini genişləndirib, həm də götürdüyü krediti vaxtında qaytarıb. Bu gün “Naxtel” mobil operatoru muxtar respublikanın yaşayış məntəqələrinin 98 faizini əhatə edir.
Sentyabrın 18-də “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri “Huawei” şirkətinin Azərbaycan üzrə baş ofisinin icraçı direktoru Lu Canlin və Avrasiya regionları üzrə korporativ biznes rəhbəri Ma Tian ilə görüşüb. Muxtar respublika rəhbəri “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni ofis binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, uğurlu və səmərəli fəaliyyətinə görə cəmiyyətin kollektivinə təşəkkür edərək deyib: “Dövlət zəmanəti ilə yaradılmış Naxtel 4G mobil operatoru muxtar respublikanın 105 mindən yuxarı sakininə xidmət edir. Cəmiyyətdə 60-a yaxın gənc mütəxəssis çalışır. Hər bir şirkətin fəaliyyətinin əsas məqsədi müştərilərə göstərilən xidmətlərin səviyyəsini yüksəltməkdən, onların razılığını qazanmaqdan ibarətdir. Fəaliyyəti genişləndirməyin əsas yolu da məhz budur. Hazırda muxtar respublikada müxtəlif mobil operatorlar rabitə xidməti göstərir. Bu da bazarda rəqabətin yaranmasını təmin edir”.
Bildirilib ki, “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin uğurlu fəaliyyət göstərməsinin bir səbəbi də müasir və keyfiyyətli avadanlıqlarla təmin olunmasıdır. Bu avadanlıqların istehsalçısı Çin Xalq Respublikasının “Huawei” şirkətidir. Şirkət ilə qarşılıqlı əlaqələr muxtar respublikaya yeniliklər gətirib.
Ali Məclisin Sədri Çin Xalq Respublikasının “Huawei” şirkətinə səmərəli əməkdaşlığa görə təşəkkür edib, kollektivə işlərində uğurlar arzulayıb, yaradılan şəraitlə tanış olub. Muxtar respublika rəhbəri “Huawei” şirkətinin Naxçıvanda ofisinin yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb, “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birgə fəaliyyətin qurulması, mütəxəssis hazırlığı və xidmət keyfiyyətinin artırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Müasir hərbi infrastruktur müdafiə qüdrətinin gücləndirilməsində başlıca amildir

Düşmənlə sərhəddə yerləşən, zaman-zaman onun əsas ərazi iddiası və başlıca hərbi hədəfi olan muxtar respublikanın hərbi təhlükəsizliyi daim aktual məsələlərdən olub. Muxtar respublikanın hərbi qüdrətinin gücləndirilməsində həyata keçirilən çoxsaylı tədbirlərə Əlahiddə Ümumqoşun Ordunun döyüş potensialını və mübarizə ruhunu yüksəltməklə yanaşı, hərbi hissələrin maddi-texniki təminatının möhkəmləndirilməsi, hərbçi ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəxsi heyətin sağlamlığı keşiyində dayanacaq müasir xəstəxana və tibb məntəqələrinin istifadəyə verilməsi də müstəsna rol oynayır. Sentyabrın 25-də Ali Məclisin Sədri Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının yeni kompleksinin inşası ilə maraqlanıb, hospitalda ilin sonuna qədər işlərin başa çatdırılması barədə tapşırıqlar verib.

Arıçılıq qədim ənənələrə malik, inkişaf etdirilən gəlirli aqrar sahədir

Naxçıvanda arıçılığın qədim ənənələri vardır. Bu gün də muxtar respublikada arıçılıq inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası bu sahəyə marağı artırıb, yeni arıçılıq təsərrüfatları yaranıb. Bu gün arıçı sahibkarların pulsuz dərmanla təmin edilməsi, hər bir arı ailəsinə görə subsidiyanın və arıçılara güzəştli kreditlərin verilməsi bu sahənin inkişafına geniş imkanlar açıb. Hazırda muxtar respublikada arı ailələrinin sayı 99 mindən çoxdur. Ənənəvi “Arıçılıq məhsulları – bal festivalı”nın keçirilməsi isə arıçıların məhsullarını rahat satmalarına, təcrübə mübadiləsi həyata keçirərək damazlıq işinin təşkilinə, məhsuldarlığın artırılması və xəstəliklərə qarşı mübarizə tədbirləri haqqında fikir mübadiləsi aparmalarına imkan verir. Sentyabrın 26-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən beşinci “Arıçılıq məhsulları – bal festivalı” bu baxımdan əhəmiyyətlidir. Festivala muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 289 arıçı tərəfindən 14 tondan artıq süzmə, 2 tondan artıq şan bal, arı südü, mum, vərəmum, çiçək tozu və güləm çıxarılıb. Festivalda iştirak edən Ali Məclisin Sədri arıçılarla söhbət edib, bal alıb, onların qayğıları ilə maraqlanıb. Muxtar respublika rəhbəri arıçılığın inkişafı ilə bağlı qəbul olunmuş Dövlət proqramından irəli gələn vəzifələrin icrası, arıçılara kreditlərin verilməsinin davam etdirilməsi, onların təkliflərinin nəzərə alınması, Naxçıvan Dövlət Universitetində dərman bitkilərindən qarışıqların hazırlanması və bitki herbarilərinin çoxaldılması barədə tapşırıqlar verib. Həmin gün Ali Məclisin Sədri “Naxçıvanqala” Tarix - Memarlıq Abidəsində aparılan bərpa işləri ilə də tanış olub, müvafiq tapşırıqlar verib.

Son otuz ilə yaxın bir dövrdə muxtar respublikamızın keçdiyi tarixi inkişaf yolunun iqtisadi-siyasi təhlilini aparmaq, inkişaf dinamikasını müəyyənləşdirmək üçün elə son ayın ümumi mənzərəsinə nəzər salmaq kifayətdir. Müstəqillik dövründə, eyni zamanda blokada şəraitində qazanılan möhtəşəm uğurlar onu deməyə əsas verir ki, ümummilli liderimizin böyük ideyalarına əsaslanan doğma diyarımız – ulu Naxçıvan mübarizə və müdafiə əzmi, əzmkarlıq və qətiyyəti ilə sabaha inamla irəliləyir. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu – abadlıq, quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə xidmət edirlər. Bu, Naxçıvanda var və məni çox sevindirir”.

 Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

  •  



Bu haber 675 defa okunmuştur.

Etiketler :

YORUMLAR



Henüz Yorum Eklenmemiştir.Bu Haber'e ilk yorum yapan siz olun.


İLGİNİZİ ÇEKEBİLECEK DİĞER GÜNDEM HABERLERİ

Milli Eğitim Bakanı’ndan tablet dolandırıcıları hakkında uyarı! Milli Eğitim Bakanı Ziya Selçuk, sosyal ..
Azerbaycan Cumhuriyeti Dış işleri Bakanlığı'nın açıklaması 17 Ekim 2020 günü gece saat 01:00 saatlerinde Ermenistan A..
Ümummilli liderin ideyalarına əsaslanaraq qorunan, inkişaf etdirilən tarixi məkan – Naxçıvan Azərbaycanın dilbər guşə..
Ən şirin nemət…. Mehriban SULTAN Nigar “Onunla” hər dəfə “görüşə” həsrətlə can atsa da, mənzilbaşına yaxınlaşanda “ü..
Milli Eğitim Müdürümüz Hakan GÖNEN İMKB Anadolu Lisesini Ziyaret Etti.
SERDAR ÜNSAL,”ERMENİSTAN ATEŞKESTEN FAYDALANIP DAĞLIK KARABAĞ’A SİLAH TAŞIYOR. Türkiye Azerbaycan Dostlu..
ÇOK OKUNAN HABERLER
  • BUGÜN
  • BU HAFTA
  • BU AY
  IĞDIR’DA PATLICAN REÇELİ YAPIMI BAŞLANDI.   IĞDIR’DA PATLICAN REÇELİ YAPIMI BAŞLANDI. Iğdır'da kadınlar,..
Milli Eğitim Müdürümüz Hakan GÖNEN İMKB Anadolu Lisesini Ziyaret Etti.Milli Eğitim Müdürümüz Hakan GÖNEN İMKB Anadolu Lisesini Ziyaret Etti.
       İran  Erzurum Başkonsolosu’nda Iğdır valisine ziyaret  İran Erzurum Başkonsolosu’nda Iğdır valisine ziyaret İran İslam Cumhu..
                    Tam Zafer Karabağdır! Tam Zafer Karabağdır! 27 Eylül 2020. Sabah güneş doğar doğm..
Murov Dağı silsilesindeki Murov Zirvesi Ermeni işgalinden geri alındı Murov Dağı silsilesindeki Murov Zirvesi Ermeni işgalinden geri alındı Nerdeyse ..
MECİT KUMTEPE “CAN AZERBAYCANIN TOPRAK BÜTÜNLÜĞÜNÜ CANI GÖNÜLDEN DESTEKLİYORUZ.”  MECİT KUMTEPE “CAN AZERBAYCANIN TOPRAK BÜTÜNLÜĞÜNÜ CANI GÖNÜLDEN DESTEKLİYORUZ.”..
SON YORUMLANANLAR
  • HABERLER
  • VİDEOLAR